0
Bazar ertəsi
Okt 27

Çempion kikboksçumuz Anar Məmmədov: "Döyüşöncəsi heç nə düşünmürəm, beynimi boş saxlayıram"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ONE Championship"də qalib olan azərbaycanlı kikboksçu Anar Məmmədov keçirdiyi döyüşlər və idman karyerası barədə Baku TV-yə danışıb.

İdmançı bildirib ki, bu sahəyə marağı 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatını televizorda izlədikdən sonra yaranıb:

"Televizorda döyüşləri görəndə çox xoşuma gəldi. Sonra yarışlara canlı baxmaq üçün arenaya getdim, məşqçimlə tanış oldum və məşqlərə başladım".

Anar Məmmədov deyib ki, əvvəl yerli turnirlərdə çıxış edib, sonradan Azərbaycan, Avropa və dünya çempionatlarında uğurlar qazanıb:

"2014-cü ildə gənclər arasında dünya birinciliyinin qalibi oldum. 2021-ci ildə isə böyüklər arasında çempion olaraq Azərbaycanın 10-cu dünya çempionu adını qazandım".

O, peşəkar arenalarda özünü sınamaq məqsədilə Tailanda yollanıb və Muay Thai idman növü üzrə döyüşlərdə iştirak edib. Məmmədov bildirib ki, hazırlıq prosesi çox çətin keçib:

"Tailandda 9 ay məşq keçdim. İlk döyüşüm çox ağır oldu, amma özümə inanırdım. Döyüşöncəsi heç nə düşünmürəm, beynimi boş saxlayıram və sakit qalmağa çalışıram".

Anar Məmmədov məşq dövründə keçirdiyi çətin anlardan da danışıb:

"Tailanda ilk günlərimdə motosiklet qəzası keçirdim, körpücük sümüyümü sındırdım. Bir ay məşq edə bilmədim. Qayıtmaq istədim, amma dözdüm. Özümə söz verdim ki, qalib gələcəyəm. Sonda da bu səbrin qarşılığını gördüm".

İdmançı vurğulayıb ki, məqsədi Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq və gənclərə örnək olmaqdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.