Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin Avropa çempionatının əsas mərhələsində keçiriləcək İsveç və Xorvatiyaya qarşı oyunlardan əvvəl heyətdən kənarlaşdırılmasının səbəbi müəyyənləşib.
King.Az Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun intizamsızlıq etməsidir.
Baş məşqçi R.Hüseynlinin intizamsızlığına görə təcrübəli oyunçunu millidən uzaqlaşdırıb.
Bundan başqa milli komandanın üzvləri Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıblar.
Əvəzində mütəxəssis "Neftçi" İK-dan qapıçı Vladislav Reznovu, "Şuşa"dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.
Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.