4
Bazar ertəsi
okt 07

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Beyaz_Gul
Beyaz_Gul
Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.
Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.
Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:
- Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).
Saglamolun.az bildirir ki, neyrodermit allergik reaksiyanın daha mürəkkəb formasıdır. Neyrodermit zamanı dərinin qaşınan sahələrində dəri qalınlaşır, nahamar olur. Qaşınma gecə saatlarında xəstəni daha çox narahat edir. Neyrodermit adətən insanda uşaq yaşlarında inkişaf edir, vaxtaşırı olaraq kəskinləşir və güclü, dözülməz qaşınma ilə müşayiət olunur. Bir çox hallarda xəstəliyin kəskinləşməsi stresin fonunda inkişaf edir. Xəstə allerqoloqda müalicə almalıdır. Müalicə uzun müddət ərzində kurslarla həyata keçirilir.
- Bir çox hallarda dərinin qaşınmasının səbəbi güclü stress olur. Bəzi psixiki xəstəliklər də (psixoz və s.) qaşınma ilə müşayiət olunur.
- Şəkərli diabet.Bu xəstəlik zamanı qanda şəkərin səviyyəsi artır və bu bütün bədəndə və ya bədənin hər hansı hissələrində (anus, cinsiyyət orqanları) qaşınmaya səbəb olur. Qaşınma xəstəni daim narahat edə bilər və ya vaxtaşırı olaraq meydana çıxa bilər. Qaşınmadan əlavə xəstədə susuzluq, tezləşmiş sidik ifrazı, halsızlıq, bədən çəkisinin azalması kimi simptomlar inkişaf edir.
- Qara ciyərin bir çox xəstəlikləri və pozulmaları zamanı dəridə qaşınma olur. Qara ciyərin fəaliyyətinin pozulması qanın tərkibinə təsir edir ki, bu isə qaşınmaya və s. simptomlara (sarılıq, sidiyin tünd olması, ümumi halsızlıq, dəridə səpgilər və s.) səbəb olur. Qara ciyər sirrozu və xərçəngi zamanı qaşınma çox güclü dözülməz olur, xəstəni olduqca narahat edir.
- Böyrək xəstəlikləri və pozulmaları zamanı böyrəklər qanı yaxşı təmizləmir ki, bunun nəticəsində orqanizmdə çoxlu miqdarda toksinlər, şlaklar və digər ziyanlı maddələr yığılır. Bunun nəticəsində isə dəridə qaşınma yaranır.
- Qotur. Hal hazırda bu xəstəliyə daha nadir hallarda rast gəlinir. Xəstəliyin səbəbi mikroskopik qotur gənəsi olur.
- Bəzi dərman preparatların qəbulu qaşınmaya səbəb ola bilər. Bu halda sizə bu preparatı təyin edən həkimə müraciət etmək lazımdır.
- Göbələk xəstəlikləri də qaşınmaya səbəb olur. Bir çox hallarda göbələk infeksiyası ayaq pəncələrində, cinsiyyət orqanlarında olur. Diaqnoz təsdiq olunduqda, həkim xüsusi göbələkəleyhinə preparatları təyin edir (həb, krem, şam şəklində).
- Babasil, düz bağırsağın iltihabı (proktit) və çatı anus nahiyəsində olan güclü qaşınmaya səbəb olur. Qaşınmadan əlavə xəstəni ağrılar, qanlı, selikli ifrazatlar, nəcis ifrazının çətinləşməsi narahat edə bilər.
- Psoriaz (dəri xəstəliyi) zamanı qaşınma əsas simptomlardan biridir. Zədələnmiş dəri ağımtıl pulcuqlarla örtülür. Psoriaz xroniki xəstəlikdir, onun dəqiq əmələ gəlmə səbəbləri tibbdə hələ ki məlum deyil. Xəstəliyin müalicəsi ilə dermatoloq məşğul olur.
- Kişi və qadınlarda cinsiyyət orqanlarda qaşınma cinsi yolu ilə keçən infeksiyaların əlaməti ola bilər. Bu zaman qaşınmadan əlavə xəstəni qeyri-adi ifrazatlar (irinli, iyli, yaşıl və s.) narahat edə bilər.
- Qadınlarda klimaksdan əvvəl hormonal fon dəyişilir və bu da cinsiyyət yollarında qaşınmaya, quruluğa səbəb ola bilər.
- Kişilərdə prostatit, prostatın adenoması və s. kişi xəstəlikləri zamanı cinsiyyət orqanlarında və anus nahiyəsində qaşınma olur. Bundan əlavə xəstəni aralıq nahiyəsində ağrılar (sidik ifrazı zamanı kəskinləşir), sidik ifrazın çətinləşməsi, bəzən hərarətin qalxması kimi simptomlar narahat edə bilər.
- Dərisi çox nazik və quru olan insanlarda (xüsusilə yaşlı insanlarda) tez-tez qaşınma olur. Bu halda dərini nəmləndirici vasitələrlə nəmləndirmək, küləkdən, günəşdən qorumaq lazımdır.
- Qurd xəstəlikləri (enterobioz və s.) anus nahiyəsinin qaşınmasına səbəb olur.
- Qadınlarda hamiləlik zamanı dəridə qaşınma ola bilər. Qarın nahiyəsinin dərisi güclü dartılır, nazilir və bu qaşınmaya səbəb olur. Doğuşdan sonra qaşınma adətən keçir.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.